Tbilisidə «Şərq Tərəfdaşlığı»
proqramının iştirakçısı olan
ölkələrin mədəniyyət nazirlərinin birinci konfransı
Tbilisi şəhərində "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin mədəniyyət nazirlərinin birinci konfransı keçirilmişdir.
Altı ölkənin təmsil olunduğu konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria Baş nazir Bidzina İvanişvilinin konfrans iştirakçılarına müraciətinin mətnini oxumuşdur.
İştirakçılar "Şərq Tərəfdaşlığı" mədəni proqramının gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, region ölkələri üçün mədəni proqramın perspektivləri, islahatlar və başqa məsələlər barədə fikir mübadiləsi aparmışlar.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, konfransda mədəni əlaqələr sahəsində görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin mədəniyyət nazirləri dövlət səviyyəsində mədəniyyətlərin inteqrasiyası sahəsində qazanılmış təcrübə barədə məlumat vermiş, həmçinin müəyyən istiqamətverici kurs, konkret layihələr müəyyənləşdirilmişdir.
Nazir konfransda dövlət strukturlarında təmsil olunan nümayəndələrlə yanaşı, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakını da təqdirəlayiq saymışdır. Bildirmişdir ki, bu, mədəniyyətin inkişafına geniş kütlənin cəlb olunması baxımından, həm də mübadilə-inteqrasiya proseslərinin dövlət siyasəti səviyyəsində həlli ilə yanaşı, geniş ictimaiyyətin iştirakına imkan yaradacağı baxımından da əhəmiyyətlidir.
Proqramların, layihələrin büdcəsi, maliyyə məsələləri, onların qanunvericilik bazalarının təkmilləşdirilməsi ətrafında da maraqlı müzakirələr aparılmışdır.
Ə.Qarayev diqqəti bu sahədə Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlığın mövcud olmasına cəlb etmişdir. Bildirmişdir ki, ölkədə turizm idarəetmə strukturunun təkmilləşdirilməsinə dair ikiillik proqramın həyata keçirilməsinə Avropa İttifaqı vəsait ayırmışdır. Bu, Azərbaycanda turizm sənayesinin idarə olunmasının beynəlxalq səviyyədə qurulmasına imkan verəcəkdir. Konfrans bizim üçün bir də ona görə əhəmiyyətlidir ki, burada turizm və mədəniyyətin vəhdəti, mədəni mübadilələr məsələsi geniş müzakirə mövzusuna çevrilmişdir.
Nazir qeyd etmişdir ki, bu sahədə Azərbaycanın mütərəqqi təcrübəsi iştirakçıların böyük marağına səbəb olmuşdur. Bizdə olan məlumata görə, artıq bir sıra ölkələrdə mədəniyyət və turizm idarəçiliyinin birləşdirilməsi prosesləri başlanmışdır. Bizim təcrübəmiz onlar üçün çox qiymətlidir. Azərbaycanda isə bu təcrübə 7 ildir ki, mövcuddur və onun səmərəsi göz önündədir.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria belə bir mötəbər tədbirin Gürcüstanda keçirilməsinə dair qərarı dəstəkləyənlərə ölkə rəhbərliyi adından təşəkkür etmişdir. Nazir bildirmişdir ki, mən bir neçə gün əvvəl çox sevdiyim Bakı şəhərində olmuşam. Bakıda yüksək səviyyədə nazirlərin görüşü keçirildi və bir növ onun davamı kimi bakılı dostlarımızla, başqa ölkələrdən gəlmiş qonaqlarla belə bir konfransı təşkil edə bildik.
Konfrans aktual məsələyə - mədəniyyətlərarası dialoq, onun inkişafı kimi mühüm məsələyə həsr olunmuşdur. Burada çox səmərəli fikir mübadiləsi aparılmışdır və təcrübə göstərir ki, mədəniyyətin, təhsilin inkişafına dövlət tərəfindən lazımi dəstək verildikdə mənəvi, iqtisadi və başqa sahələrdə problemlərin həlli asanlaşır.
Q.Odişaria demişdir ki, belə tədbirlər gələcək fəaliyyət planlarının daha səmərəli tərtib olunmasında da xüsusi əhəmiyyət daşıyır.
Konfrans iştirakçıları mədəniyyət sahəsində əməkdaşlığa dair Bəyannamə imzalamışlar.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.-2013.- 29 iyun.- S.9.